İnsan özünü aldatmağa başlayanda həqiqəti itirdiyini dərhal hiss etmir. Əvvəlcə bir bəhanə tapır, sonra həmin bəhanəyə inanır. Bir müddət keçir, artıq yanlışını müdafiə edir. Gün gəlir, yanlışın özünü də unudur, ona verdiyi adla yaşamağa başlayır.
Nə qədər yanlışa naxış deyib aldatdıq özümüzü.
Haqqı tapdaladıq, adını münasibət qoyduq. Haqsızlığın qarşısında susduq, dedik ki, dünyanın işi belədir. Kiminsə haqqını yedik, özümüzə min cür izah tapdıq. Birinin xətrinə dəyməmək üçün həqiqəti gizlətdik, sonra bu davranışımızı tərbiyə adlandırdıq. Qorxduq, ehtiyatlı olduğumuzu söylədik. Susduq, ağıllı göründük. Geri çəkildik, bunu həyat təcrübəsi ilə izah etdik.
Beləcə, sözlər dəyişdi, əməllərimiz isə yerində qaldı.
Ən böyük təhlükə də elə buradan başladı. Yanlışı yanlış kimi tanımaq əvəzinə, ona yaraşıqlı adlar verməyə başladıq. Halbuki adını dəyişməklə əməlin mahiyyəti dəyişmir. Haqsızlıq yenə haqsızlıqdır, yalan yenə yalandır, qorxaqlıq da başqa sözlə ifadə ediləndə cəsarətə çevrilmir.
Özümüzə qarşı nə qədər səxavətli, başqalarına qarşı nə qədər amansız olduğumuzu düşünməyə dəyər. Öz səhvimizi şəraitlə bağışladıq, başqasının səhvini isə onun xarakterinə yazdıq. Özümüz üçün bəhanə axtardıq, başqaları üçün hökm verdik. Elə bildik ki, insan yalnız öz niyyətinə görə qiymətləndirilməlidir, başqaları isə yalnız əməllərinə görə.
Bəs vicdanımızın qarşısında hansı bəhanəmiz var?
Cəmiyyət də elə ayrı-ayrı insanların özlərinə verdiyi güzəştlərdən formalaşır. Hər kəs öz yanlışına haqq qazandıranda, həqiqəti söyləyən adam narahatlıq yaradır. Düz danışan adamın sözü ağır gəlir, çünki o, bizim qurduğumuz rahat bəhanələri dağıdır. Biz isə həqiqətin ağırlığını daşımaqdansa, yalanın rahatlığına sığınmağa üstünlük veririk.
İllər keçir. İnsanlar dəyişir, vəzifələr dəyişir, münasibətlər dəyişir. Amma özümüzə verdiyimiz bəraətlər dəyişmirsə, deməli, biz yaşlanmışıq, ancaq böyüməmişik.
Mənə elə gəlir ki, insanın ən böyük hesabatı başqalarına verdiyi hesabat deyil. Nə qədər qazandığı, hansı məqama çatdığı, kimlərin yanında hörmət gördüyü də deyil. Əsas məsələ gecənin bir vaxtında özü ilə tək qalanda özünə nə deyə bilməsidir. O an nə vəzifə kömək edir, nə ad-san, nə də insanların alqışı.
Qarşında yalnız özün və həqiqət dayanır.
Bəlkə də, itirdiklərimizin hamısı başqalarının bizə etdiklərindən ibarət deyil. Bəlkə də, bir qismini öz əlimizlə itirmişik. Vaxtında demədiyimiz sözləri, müdafiə etmədiyimiz insanları, susduğumuz haqsızlıqları, qəbul etmədiyimiz səhvləri özümüzlə daşıyırıq. Sonra da həyatın bizi niyə bu hala saldığını soruşuruq.
Halbuki insanın özünə verdiyi ən çətin sual budur. Mən başıma gələnlərin hamısında yalnız zərərçəkən olmuşam, yoxsa öz yanlışlarımla bu mənzərənin yaranmasına mən də pay vermişəm?
Bu sualın cavabından qaçmaq mümkündür. Amma qaçmaqla həqiqətdən xilas olmaq mümkün deyil.
Nə qədər yanlışa naxış deyib aldatdıq özümüzü. İndi bəlkə də, özümüzə verdiyimiz adları bir kənara qoyub əməllərimizin əsl adını söyləməyin vaxtıdır. Çünki insanı dəyişdirən yanlışını bəzəmək deyil, onu olduğu kimi görmək və etiraf etmək cəsarətidir.
