Kainatın düsturu
Biz elə bilirk ki, göylərin dərdi yoxdur,
Dibsiz quyuların da dərdindən daha çoxdur.
Bəzən olur buludlar özünü atır yerə,
Qanı olur yağışlar, duman olur dağ -dərə.
Axı hardan bilirik göyün də göy dərdi var,
Edir, Ayı, Günəşi, Ulduzu da intihar.
Bu sirli aləmlərin sirri axıb getməkdir,
Bəlkə də xoşbəxtliyi elə, çıxıb getməkdir…
İntihar edənlərin var göylə əlaqəsi,
Göylərin gurultusu, şimşək intihar səsi.
Kainatın cədvəli quranına bəllidir,
Qanunları dəyişməz, ölüm düstur həllidir.
Darıx bircə dəfə
Baxıb göy üzünə xatırla məni,
Darıx bircə dəfə, darıx, mənimçün.
Həsrətim dörd yandan səsləsin səni,
Darıx bircə dəfə, darıx, mənimçün.
Yağan yağışlarda islat özünü,
Yusun gözlərindən vida sözünü,
İslan,islandıqca yumub gözünü –
Darıx bircə dəfə, darıx mənimçün.
Çaxsın ildırım da,yağsın yağış da,
Günəş üfüqləri sınsın yağışda,
Aypara rənglərə bizi bağışla,
Darıx bircə dəfə, darıx mənimçün.
Gecə pəncərəndən görünəndə Ay,
Darıx, darıxmaqdan ulduzları say,
Fikrə dal , soyusun əlindəki çay ,
Darıx bircə dəfə, darıx mənimçün.
İNTİHAR İPİ
Məni düşünmək,
Sənin duyğularının intihar ipidir.
Asırsan bir ümidin kölgəsindən.
Boğulur duyğuların…
Qatil olur düşüncələrin.
Qanına bələnən ümidin
Günahkarcasına ölür.
Ölən ümidinə yas saxlayır
Kəpənək xəyalların.
Uçur fikirdən fikirə.
Duyduqca çiçək misalı
Fikirlərin qarışıq ətrini
Bihuş olur qəlbin.
İçir gözlərin
Yuxusuz gecələrin qaranlığını.
Səbrin köməyə çatır,
Çıxarır səni aydın gündüzə…
Və yenə də can atırsan geriyə.
Atdığın canında, can kimi
Daşıyırsan çarəsiz,
İmkansız sevdanı.
Yenə, yenə dönürsən başa.
Edirsən sonu
Baş qəhrəmanın ölümü ilə bitən
Filmə tamaşa.
Deyin həyat yuxudur,
Deyin, gözdən itəcək.
Canda bütün ağrılar,
Oyananda bitəcək.
Deyin dərman ölümdür,
Alım Tanrıdan satın.
Verim son nəfəsimi,
Ölüm həbini udum.
Sağalım torpaq altda,
Ağrımasın heç yerim.
Ruhum da azad olsun,
Dincəlsin sümüklərim.
Xərçənglərə yem olan,
İnsan ömrü dincəlsin.
Ac qalıb arıqlasın,
Xərcənglər də incəlsin.
Tökulməsin saç -qaşı,
Hörükləri uzansın.
Zərrə ümid göstərin,
“Xərçəng qızlar “qazansın.
Getmə demirəm
“Gedərəm” deyirsən, “getmə” demirəm,
Görüm hara qədər gedə bilirsən.
Dünyanın son ucu “məndə ” qurtarir,
Görək ora qədər gedə bilirsən?
Yalvaran deyiləm, öz canın haqqı,
Gələnlər onsuz da getməkçün gəlir.
Qalanın canı da it canıdir, it,
Qalanlar yaşayır gedənlər ölür.
Getməyə bu qədər həvəsin varsa,
Qorxma , öldürmərəm həvəsini də.
Mən qatil deyiləm, özünə baxma,
İnan ki, almaram nəfəsimi də.
“Gedirəm” , deyirsən, sənə yaxşı yol,
Arxanca su atır gözlərim də, bax.
Qırdığın qollarım qalxmır e hələ,
Əl edə bilmirəm, çox ağrıyır, çox.
“Gedərəm” deyirsən, “getmə” demirəm,
Görüm hara qədər gedə bilirsən.
Dünyanın son ucu məndə qurtarir,
Görək ora qədər gedə bilirsən?
Sən demə dünyanın nağıl üzündə,
Hər kəsin bir qorxunc nağılı varmış.
Ağıllı adamın ağıl küpündə,
Bir dəli şeytanın ağılı varmış.
Hələ görünənin görünməyəni,
Görünməz olanın görəni varmış.
Qurumuş ağacın budaqlarından,
Min ümid meyvəsi dərəni varmış.
İntihar ipində yaşamaq cəhdi,
Yaşamın özündə intihar varmış.
İntihar edən heç, etdirəndəsə,
Allahda olmayan ixtiyar varmış.
Sən demə yox da nə desən varmış ….
