DEMƏK Kİ, YAZIYA POZU YOXUYMUŞ…
Nələri itirdim, nələr çıxandan,
Elə bil heç izi-tozu yoxuymuş…
Yoxuymuş, mən sürən ömür adında
dünyanın bir çürük qozu yoxuymuş…
Gəldi bu gələn də haramın üstdə,
Yığdı batmanları qramın üstdə.
Heç bunun hərdən bir yaramın üstdə
səpməyə bir çimdik duzu yoxuymuş…
Oyunmuş nə varsa, oyun, əzəldən,
Qurtara bilmirik boyun əcəldən.
Qoyunmuş sanki bu qoyun əzəldən,
O tifil, südəmər quzu yoxuymuş…
Elə haq dediyin üzüldü bitdi,
Ya ləldi, gövhərdi, qızıldı, bitdi…
Bu da bir şeirdi, yazıldı, bitdi,
Demək ki, yazıya pozu yoxuymuş…
UZAĞI SEÇMƏK OLMUR
Asanca gəlsək belə,
Dünyadı, köçmək olmur.
…bir ayıb minməkdisə,
bir ayıb düşmək, olmur…
Var açarı, kilidi,
Dirisənsə, diridi.
Dərdi bala kimidi,
çəkilir, keçmək olmur…
Öyüb vaxtı deyirlər,
Tacı, taxtı deyirlər.
Bax, bu haqdı deyirlər
yanımda çeşmək olmur…
Yaman bahadı kirəm,
Sözlərdən ev tikirəm.
Mən elə gecikirəm,
mənə görüşmək olmur…
Hələ həmin baxtdayam,
Fanidə, nahaqdayam.
Gözlərdən uzaqdayam;
uzağı seçmək olmur…
BU YAŞ BİR AĞLAMALIQ, BİR GÖZLÜK YAŞ DEYİLMİŞ…
Bu dolu elə dolu,
boş elə boş deyilmiş…
Baxma, sənə xoş gələn
kiməsə xoş deyilmiş…
Təkindən dəst olmadı,
Gəzilən rast olmadı.
Qardaşdan dost olmadı,
dost da qardaş deyilmiş…
Bilinməyir adı, kim,
Doğması kim, yadı kim.
Bu necə sevdadı ki
canından baş deyilmiş?..
Bacarırsan qadam, de,
Yaradıb Yaradan de;
Adamına adam de,
daşına daş deyilmiş…
Yolu yox haqlamalı,
Əyləyib, saxlamalı.
Bu yaş bir ağlamalıq,
bir gözlük yaş deyilmiş…
BU RUZİ, FİLAN DA ADAMDAN KEÇİR…
Kəfəndən sovuşub gedəcək hələ,
O yol tək bələkdən keçsə nə vardı…
Ya nağıl sonrası “üç alma” kimi
yalandan, kələkdən keçsə nə vardı…
Ha yapış yaxandan, ha çək yerinə,
Bu qədər asanmı düşmək yerinə?
Hər saqqal altından keçmək yerinə
adam da ələkdən keçsə nə vardı…
Bax bu da yarıda qaldığın xəbər,
Hələ düşündüyün, daldığın xəbər.
Bir simurq quşutək aldığın xəbər
bir yanıq lələkdən keçsə nə vardı…
Ürcahsan dünyanın daş tərəfinə,
Əyri tərəfinə, çaş tərəfinə.
Hərdən başucuna, baş tərəfinə
huridən, mələkdən keçsə nə vardı…
Bu damın yolu bax o damdan keçir,
Dur, məni dos-doğma odamdan keçir…
Bu ruzi, filan da adamdan keçir,
Tək çərxi-fələkdən keçsə nə vardı…
DƏRDİMƏ ŞÜKÜR, İLAHİ…
Dünya yaman sıxır məni,
Çəkirəm fikir, İlahi…
Yıxanlarmı yıxır məni,
Yer-göymü çökür, İlahi?..
Bu tində, küncdə nə qədər,
Dözüm bu gücdə nə qədər?
Ehtiyac səcdənə qədər
belimi bükür, İlahi…
Hərə bir adnan çıxarır,
Çörəyi oddan çıxarır.
Yoxluğun yaddan çıxarır,
Varlığın çəkir, İlahi…
Gün varmı bu gündən betər,
Bu dumandan, çəndən betər?
Dərdli gördüm məndən betər,
Dərdimə şükür, İlahi…
Heç bilmədik nə var göydə,
Ahlar qalxıb susar göydə.
Ya durmağı bacar göydə,
Ya da ki, çəkil, İlahi…
SƏN GÖZƏL AĞLARSAN MƏNİ…
Dönərsənmi görən desəm,
dön, gözəl, ağlarsan məni.
Sənsən elə sonumda, sən-
son gözəl, ağlarsan məni…
Anlayansan bir baxışdan,
Kimdi içdən, kimdi dışdan…
Gəl, canımdan çıxmamışdan
can, gözəl, ağlarsan məni…
Nə fərqi var yar yasında
bardaş qurdun harasında…
Ağlayanlar arasında
ən gözəl ağlarsan məni…
Ya son, əzəl…öldürən sən,
Sənsən, gözəl, öldürən-sən.
Sən ən gözəl öldürənsən,
sən gözəl ağlarsan məni…
