ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff görüşlər keçirmək məqsədilə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing C 17 Globemaster III” hərbi nəqliyyat təyyarəsi ilə Moskvaya gedib.
Bu barədə CBS News telekanalının müxbiri Cennifer Ceykobs mənbələrə istinadən “X” sosial şəbəkəsində məlumat yayıb. Ratkliffin Moskvada kimlərlə görüşəcəyi barədə rəsmi məlumat açıqlanmayıb.
Avqustun 25-də səhər ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RCH4555 bort nömrəli “Boeing C 17 Globemaster III” təyyarəsi Moskvanın Vnukovo hava limanına eniş edib.
RBC-nin məlumatına görə, təyyarə Moskva vaxtı ilə saat 08:50 radələrində Latviyanın paytaxtı Riqadan havaya qalxıb və təxminən saat 10:04-də Vnukovo hava limanına enib. Flightradar24 xidməti isə təyyarənin hazırda izlənilmədiyini bildirib.
Təyyarənin əvvəlki uçuş məlumatlarına görə, avqustun 23-də Riqaya uçuş həyata keçirilib. Uçuşun başlanğıc nöqtəsi ABŞ-nin Merilend ştatında yerləşən Kemp Sprinqs kimi göstərilib. Həmin ərazidə ABŞ prezidentinin “Air Force One” təyyarəsinin də istifadə etdiyi Endryus aviabazası yerləşir.
Maraqlıdır ki, Ratkliffin Moskvaya səfəri fonunda şəhərdə ABŞ diplomatlarına məxsus nömrə nişanları olan avtomobillərdən ibarət kortej də görüntülənib.
Rusiya tərəfi səfərlə bağlı hələlik rəsmi açıqlama verməyib. Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl bu həftə Kremlin ABŞ administrasiyasının nümayəndələri ilə görüş keçirməyi planlaşdırmadığını bildirmişdi. Peskov Moskvaya ABŞ təyyarəsinin enişi barədə məlumatının olmadığını da qeyd etmişdi.
Ratkliffin səfərinin məqsədi və Moskva rəsmiləri ilə mümkün görüşlərinin gündəliyi isə hələlik açıqlanmır.
