İspaniyada müşahidə olunan güclü istilər səbəbindən ölkənin bir sıra bölgələrində hava ilə bağlı xəbərdarlıq qüvvəyə minib.
ilkinxeber.az informasiya agentliyinin araşdırmasına görə, İspaniyanın Dövlət Meteorologiya Agentliyi (Aemet) bir çox ərazilərdə sarı və narıncı təhlükə səviyyəli xəbərdarlıqlar elan edib. Sinoptiklərin proqnozuna əsasən, bəzi bölgələrdə havanın temperaturu 40 dərəcəni ötəcək. Paytaxt Madriddə isə temperaturun 35 dərəcəyə çatacağı gözlənilir. Xəbərdarlığın ən azı iyulun 23-dək qüvvədə qalacağı bildirilib.
Məlumatda qeyd olunur ki, 2026-cı ilin ilk altı ayı İspaniyada son 65 ilin ən isti dövrü kimi qeydə alınıb. Bununla yanaşı, bu ilin iyun ayı da meteoroloji müşahidələr tarixində ikinci ən isti iyun ayı olub. Orta hava temperaturu iqlim normasını 3,2 dərəcə üstələyib.
Xatırladaq ki, İspaniyada indiyədək qeydə alınmış ən yüksək temperatur 2021-ci ilin avqust ayında ölkənin cənubunda yerləşən La Rambla qəsəbəsində ölçülüb. Həmin vaxt termometrlər 47,6 dərəcə isti göstərmişdi.
