Oman İranın Hörmüz boğazından keçən kommersiya gəmilərindən birgə rüsum alınması təklifinə razılıq verməyib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə “The New York Post”a məlumat verən mənbə bildirib. Məlumata görə, Oman hökuməti İran tərəfinin təklif etdiyi gəlirlərin bölüşdürülməsi mexanizmini qəbul etməkdən imtina edib.
Məsələ ötən həftə İran və Oman xarici işlər nazirlərinin Hörmüz boğazındakı vəziyyəti müzakirə etməsindən sonra gündəmə gəlib. Görüşdən bir neçə saat sonra SEPAH nümayəndəsi iki ölkənin boğazdan əldə ediləcək gəlirlərin bölüşdürülməsi ilə bağlı razılığa gəldiyini açıqlamışdı.
Lakin ABŞ rəsmisi daha əvvəl bu açıqlamanın reallığı tam əks etdirmədiyini bildirmişdi. Onun sözlərinə görə, gəlirlərin bölüşdürülməsi ilə bağlı təklif olunan razılaşmanın şərtləri hələ İran daxilində də tam təsdiqlənməyib.
“The New York Post”un məlumatına əsasən, Omanın rüsum məsələsindən geri çəkilməsi Vaşinqtonla mümkün qarşıdurmanın qarşısını almaq məqsədi daşıyır. ABŞ Prezidenti Donald Tramp daha əvvəl Omanı İranla Hörmüz boğazının idarə olunması barədə danışıqları davam etdirəcəyi təqdirdə sərt hərbi tədbirlərlə hədələmişdi.
Beləliklə, İranın Hörmüz boğazı üzərindən nəzarət və gəlir mexanizmi yaratmaq istiqamətindəki təşəbbüsünün Oman tərəfindən dəstəklənmədiyi bildirilir. Bu isə regionda onsuz da gərgin olan İran ABŞ münasibətlərinə əlavə təzyiq yarada biləcək məsələlərdən biri kimi qiymətləndirilir.
