İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Balakən rayonunda dünən baş verən ağır yol-nəqliyyat hadisəsində yaralanan şəxslərdən biri bu gün xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, 1975-ci il təvəllüdlü Mütəllibov Yaşar Mahamarəsul oğlu bu gün vəfat edib.
Bununla da Balakəndə “Hyundai”, “KIA” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Qeyd edək ki, qəza zamanı “Toyota” markalı avtomobildə olan ailə üzvləri – Mütəllibov Rəşad Yaşar oğlu və onun anası, 1974-cü il təvəllüdlü Məmmədova Pərvanə Zahid qızı, həmçinin “Hyundai” markalı avtomobilin sürücüsü Hoorsova Məryəm Kamil qızı hadisə yerində həyatını itirmişdi.
Məlumata əsasən, Mütəllibovlar ailəsi toy hazırlığı ilə əlaqədar yola çıxıbmış. Bildirilir ki, qəza nəticəsində həyatını itirən Rəşad Mütəllibovun avqustun 25-də toyu planlaşdırılırmış.
Hadisə ilə bağlı araşdırma aparılır.
