ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Gədəbəy Rayon Prokurorluğu və Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat tədbirləri nəticəsində 34 il əvvəl baş vermiş qəsdən adam öldürmə cinayəti açılıb.
Hadisə 1992-ci il mayın 31-də Gədəbəy rayonunun Turşsu kəndi yaxınlığında yerləşən “Bəkdəmir yalı” ərazisində baş verib. Həmin ərazidə üzərində zorakılıq əlamətləri olan Məmmədov Şahbaz Abuzər oğlunun meyiti aşkarlanıb.
Faktla bağlı həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə cinayət işi başlanıb. Lakin cinayəti törədən şəxsin müəyyən edilməsi mümkün olmadığından istintaq 1993-cü il martın 1-də dayandırılıb.
Sonradan cinayət işinin materialları və əməliyyat-qeydiyyat işi yenidən araşdırılıb. Araşdırma zamanı əlavə istintaq və əməliyyat tədbirlərinin keçirilməsinə ehtiyac olduğu müəyyən edilib. Bununla əlaqədar iş üzrə icraat 2026-cı il avqustun 28-də təzələnib.
Keçirilmiş tədbirlər nəticəsində qətlin Gədəbəy rayonunun Çayrəsullu kənd sakini, 1969-cu il təvəllüdlü Polad Məmmədov tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən olunub.
İstintaqın məlumatına görə, Polad Məmmədov 1992-ci ilin mayında yaşadığı evdə atası Şahbaz Məmmədovun baş nahiyəsinə bir neçə dəfə ağac parçası ilə zərbə endirərək onu qəsdən öldürüb. Daha sonra cinayəti gizlətmək və hadisənin başqa ərazidə baş verdiyi görüntüsünü yaratmaq üçün atasının meyitini evin yaxınlığındakı “Bəkdəmir yalı” ərazisinə aparıb.
Dindirmə zamanı P.Məmmədov törətdiyi əməli etiraf edib. O, avqustun 31-də şübhəli şəxs qismində tutulub.
Həmin gün onun əməli həmin dövrdə qüvvədə olmuş Cinayət Məcəlləsinin 95-ci maddəsindən 94-cü maddəsinin 6-cı bəndinə, yəni ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə maddəsinə tövsif edilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
