Əfsanəvi fransız futbolçu Zinəddin Zidan yaxın zamanda Fransa milli komandasının baş məşqçisi vəzifəsinə gətirilə bilər.
ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, hazırda Fransa millisinin baş məşqçisi olan Didye Deşam 2026-cı il dünya çempionatından sonra vəzifəsindən ayrılacağını açıqlayıb. O, 2012-ci ildən etibarən yığmaya rəhbərlik edir və bu müddətdə komandanı 2018-ci ildə dünya çempionluğuna, 2022-ci ildə dünya çempionatının, 2016-cı ildə isə Avropa çempionatının gümüş medallarına daşıyıb.
54 yaşlı Zidan isə məşqçilik karyerasında əsasən Real Madrid klubunda uğurlu çıxışı ilə yadda qalıb. O, iki fərqli dövrdə komandaya rəhbərlik edərək üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub, həmçinin İspaniya çempionluğu və digər nüfuzlu titullar qazanıb.
Xatırladaq ki, Fransa millisi ötən gün yarımfinal mərhələsində İspaniya milli futbol komandasına məğlub olaraq dünya çempionatı ilə vidalaşıb.
