Erik Fromm deyir ki, yanında rahatlıq tapdığımız insanlar sərvətimizdir.
Bu cümlə haqqında düşündükcə mənə elə gəlir ki, insanın həyatında ən çox qiymətləndirilməyən şey məhz budur. Çünki biz sərvəti həmişə görünən şeylərdə axtarırıq. Evdə, maşında, pulda, vəzifədə, tanınmaqda. Əlimizdə olanları sayırıq, amma yanımızda olanları çox vaxt hesaba qatmırıq.
Halbuki insanın əsl rahatlığı heç də böyük bir evin içində başlamır.
Elə adam var, yanında oturanda telefonuna baxmaq ehtiyacı hiss etmirsən. Söhbəti süni şəkildə davam etdirmirsən. Özünü maraqlı göstərmək üçün söz axtarmırsan. Bir stəkan çayın soyumasına belə fikir vermirsən. Danışmaq istəyirsənsə danışırsan, susmaq istəyirsənsə susursan.
Mənim üçün rahatlıq budur.
Çünki insanın ən çox yorulduğu yer həyatın özü deyil, özünü başqalarına uyğunlaşdırmaq məcburiyyətidir.
Kiminsə yanında uğurlu görünməlisən. Kiminsə yanında güclü. Başqasının yanında ağıllı. Bir başqasının yanında isə daim haqlı.
Nə qədər rol oynayırıq…
Sonra bir nəfər çıxır qarşımıza və bütün bu rollara ehtiyac qalmır.
Səni olduğun kimi görür. Yazmadığın günün səbəbini sorğu-suala çəkmir. Danışmadığın vaxt bunu özünə qarşı hörmətsizlik hesab etmir. Bir səhvinə görə illərlə qurduğu münasibəti dəyişmir. Səninlə rəqabət aparmır. Sənin həyatında özünə yer açmaq üçün səni sıxışdırmır.
Belə adamın yanında insan nəfəsini dəyişir.
Məncə, bunu çox adam hiss etmir. Çünki rahatlıq çox vaxt səssiz gəlir. Böyük hadisə kimi görünmür. Bir görüş olur, bir söhbət olur, bir yerdə oturursan və sonradan anlayırsan ki, həmin adamla keçirdiyin iki saat ərzində özünü heç müdafiə etməmisən.
Bu, böyük məsələdir.
Çünki həyat adamı müdafiəyə öyrədir. Hər yerdə özünü qorumaq, sözünü ölçmək, niyyətini izah etmək, yanlış başa düşülməkdən çəkinmək məcburiyyətində qalırsan. Bir müddətdən sonra insanın öz evi belə bəzən tam rahatlıq vermir.
Amma bir insanın yanında daxili keşikçini işdən çıxara bilirsənsə, o adamın qiyməti artıq başqa ölçüdədir.
Mən belə insanları çoxaltmağın mümkün olduğuna da inanmıram. Hər tanış münasibət deyil, hər dostluq yaxınlıq deyil, hər sevgi rahatlıq gətirmir.
Ona görə insan həyatında bir neçə nəfərin qədrini bilməlidir. Çoxluq hər zaman üstünlük deyil. Bəzən bir nəfərin varlığı bir izdihamın yoxluğunu hiss etdirmir.
İllər keçdikcə insanın ətrafı dəyişir. Kimlərsə uzaqlaşır, kimlərsə həyatımıza daxil olur. Bəzi münasibətlər öz-özünə bitir, bəzilərini isə bitirmək məcburiyyətində qalırsan. Amma yanında rahat olduğun adamı itirəndə boşalan yer adi boşluğa oxşamır.
Çünki orada sadəcə bir insan olmurdu.
Orada özün ola bildiyin bir yer olurdu.
Frommun dediyi sərvət, məncə, elə budur. Bank hesabında görünməyən, əmlak sənədinə yazılmayan, heç bir bazarda satılmayan bir sərvət.
Bir insanın yanında özünü yad hiss etməmək.
Bundan bahalı nə var, bilmirəm.
İlkin Şakiroğlu yazır: Ən qiymətli sərvətimiz
Şərh edilməmiş
