Gün ərzində etdiyimiz kiçik alış-verişlərin ayın sonunda büdcəmizə nə qədər təsir etdiyini heç hesablamısınızmı? Bəzən pulun necə xərcləndiyini anlamadan ayı başa vururuq. Bəs səbəb nədir: artan xərclər, yoxsa fərqinə varmadığımız gündəlik vərdişlər?
İlkinxeber.az informasiya agentliyinin araşdırmasını hazırlayan Lamiyə Turqay bu məsələyə diqqət çəkərək bildirir ki, nağd pul və bank kartı arasında seçimdən daha vacib olan məqam xərclərə nə dərəcədə nəzarət edilməsidir.
Nağd pul xərclədikdə pul kisəsindəki məbləğin azaldığını görürük. Kartla ödəniş isə rahatlıq yaradır, lakin kiçik məbləğlərin tez-tez xərclənməsi ümumi büdcəyə təsir edə bilər. Plansız alış-veriş, endirimlərə aldanmaq və gündəlik xərcləri qeydə almamaq da qənaət etməyi çətinləşdirir.
Mütəxəssislərin tövsiyələrinə uyğun olaraq, xərcləri izləmək, alış-verişdən əvvəl siyahı hazırlamaq və aylıq büdcə müəyyənləşdirmək maliyyə intizamını gücləndirə bilər.
Bəs siz ay ərzində pulunuzun hara xərcləndiyini dəqiq bilirsinizmi? Bəlkə də büdcənizdə dəyişiklik etmək üçün ilk addım məhz bu suala cavab tapmaqdır.
