Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyat müddəti uzadılıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, qeydiyyat prosesi sentyabrın 2-si saat 18:00-dək davam edəcək.
Qəbul olunan şəxslər qeydiyyatdan keçmək üçün ilk növbədə “mygov ID” vahid giriş sistemi vasitəsilə my.gov.az portalında şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.
Qeydiyyat yalnız my.gov.az platforması üzərindən aparılır.
Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər portalda qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqələrini yeniləməlidirlər.
15 yaşına çatmamış vətəndaşlar isə my.gov.az portalında şəxsi kabinetlərini “SİMA Rəqəmsal İmza” vasitəsilə yaratmalıdırlar.
Müəyyən edilmiş müddətdə qeydiyyatdan keçməyən şəxslərin müvafiq ixtisasa yerləşdirilmədən imtina etdiyi hesab olunacaq. Bu halda onların qəbul barədə əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.
