İLKİNxeber.az informasiya agentliyi məlumat verir ki, Prezident İlham Əliyev hava limanlarının (aeroportların) idarə edilməsi Qaydasını təsdiqləyib.
Yeni sənəd ölkədə mülki hava limanlarının idarə olunmasının əsas prinsiplərini müəyyən edir. Qaydaya görə, idarəetmə təhlükəsizlik, müştəri məmnunluğu, iqtisadi səmərəlilik, dayanıqlı inkişaf və ətraf mühitin qorunması kimi meyarlar əsasında həyata keçiriləcək.
Mülki aviasiya sahəsində tənzimləyici funksiyaları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi icra edəcək. Agentlik sertifikatlaşdırma və beynəlxalq standartlara nəzarəti təmin edəcək.
Sənədə əsasən, hava limanları dövlət, bələdiyyə və ya özəl mülkiyyət formasında fəaliyyət göstərə bilər. Dövlətə məxsus aeroportların idarə olunması dövlət-özəl tərəfdaşlığı çərçivəsində özəl sektora həvalə oluna bilər.
Qaydalarda həmçinin aviasiya və qeyri-aviasiya fəaliyyətləri, o cümlədən kommersiya daşımaları, xidmətlər, ticarət və digər gəlir mənbələri də əhatə olunub.
Nazirlər Kabinetinə sənəddən irəli gələn məsələlərin həlli tapşırılıb.
