Azərbaycan ilə Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında “Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi – I Mərhələ” üzrə kredit müqaviləsi imzalanıb.
İLKİNxeber.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 180 milyon ABŞ dolları məbləğində kredit sazişini Azərbaycan Hökuməti adından maliyyə naziri Sahil Babayev, layihə sazişini isə “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanov imzalayıb.
İmzalanma mərasimində çıxış edən nazir bildirib ki, kredit vəsaitlərinin cəlbi üçün beynəlxalq maliyyə institutlarının tələblərinə uyğun geniş hazırlıq işləri həyata keçirilib. O qeyd edib ki, bu layihə son illərdə ölkənin nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində ən iri maliyyə təşəbbüslərindən biridir və ictimai nəqliyyat sahəsinə cəlb edilən ən böyük beynəlxalq kredit hesab olunur.
AİİB-nin nəqliyyat üzrə baş investisiya mütəxəssisi Mohamed Sameh isə layihə çərçivəsində ekoloji və sosial qiymətləndirmələrin aparıldığını, texniki-iqtisadi əsaslandırmanın hazırlandığını və layihənin Bankın İdarə Heyəti tərəfindən təsdiqləndiyini vurğulayıb. Onun sözlərinə görə, layihə beynəlxalq standartlara, şəffaflıq və dayanıqlılıq prinsiplərinə tam cavab verir.
Bildirilib ki, 4 illik güzəşt dövrü nəzərdə tutulmaqla 20 il müddətinə bağlanan sazişlər metropolitenin genişləndirilməsi və müasirləşdirilməsi üzrə uzunmüddətli proqramın birinci mərhələsini əhatə edir.
Layihə çərçivəsində “Dərnəgül” və “Xocəsən” elektrik depolarının tikintisinin davam etdirilməsi, həmçinin Yaşıl xətt üzrə 10 stansiyanın yenidən qurulması planlaşdırılır.
Qeyd edilib ki, layihənin icrası şəhər sakinlərinin təhlükəsiz, rahat və əlçatan ictimai nəqliyyatla təmin olunmasına, eyni zamanda şəxsi avtomobillərdən istifadənin azalmasına və karbon emissiyalarının aşağı salınmasına xidmət edəcək.
