Tiktoker Arzuma 5 il 2 ay həbs cəzası verildi
Tiktoker İlduzə Hacıyevanın, sosial şəbəkələrdə “Arzum” adı ilə tanınan şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, Xəzər Rayon Məhkəməsində keçirilən son iclasda əvvəlcə müdafiə tərəfi çıxış edib, daha sonra təqsirləndirilən şəxs son sözünü deyib.
Arzum çıxışında özünü təqsirli hesab etmədiyini bildirib:
“İlk gündən özümü təqsirli bilmirəm. Kimsə yüksək sürətlə yanımdan keçib qəza edəcəksə, mən niyə təqsirli olmalıyam? Altı aydır səbəbsiz yerə uşaqlarımdan ayrı qalmışam. Məhkəməyə inanıram, ədalətli qərar veriləcəyinə ümid edirəm”.
Bundan sonra məhkəmə hökmü elan edib. Qərara əsasən, İlduzə Hacıyeva ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törətməkdə və hadisə yerini tərk etməkdə təqsirli bilinib.
Hökmə əsasən, o, ümumi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkmək şərti ilə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub.
Məhkəmə qərarında törədilmiş cinayətin ağır nəticələri və zərərçəkmiş tərəflə barışığın əldə olunmaması yüngülləşdirici halların tətbiqinə mane olan amillər kimi qiymətləndirilib.
Xatırladaq ki, hadisə ötən ilin iyun ayında Mərdəkan qəsəbəsində baş verib. İstintaq materiallarına əsasən, İlduzə Hacıyevanın idarə etdiyi “Changan” markalı avtomobil sola dönmə manevri edərkən arxadan gələn “Mercedes” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan “Mercedes” maneəyə çırpılıb və bir neçə dəfə aşıb.
Nəticədə avtomobilin sürücüsü, 29 yaşlı Amal Məlikov hadisə yerində həyatını itirib, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarətlər alıb.
İstintaqla müəyyən olunub ki, İlduzə Hacıyeva qəzadan sonra zərərçəkənlərə kömək göstərmədən hadisə yerini tərk edib. O, həmin gün Almaniyaya gedərək sosial şəbəkə hesablarında fəaliyyətini davam etdirib.
