Sabahdan etibarən 16 gün müddətində Samux, Şəmkir və Qazax rayonlarının bəzi qəsəbə və kəndlərində qaz təchizatında müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərlərində yeni çəkilmiş hissələrin mövcud xətlərə qoşulması ilə əlaqədar avqustun 5-i saat 18:00-dan başlayaraq avqustun 20-dək işlər aparılacaq. Bu müddətdə Samux rayonunun Qaraağaclı və Qaraarx qəsəbələri, həmçinin Yenikənd, Köbər, Qədili, Seyidlər və Sarıqamış kəndləri, Şəmkir rayonunun Kür və Səməd Vurğun qəsəbələri, eləcə də Mahmudlu, Keçili, Yeniabad, Çaparlı və Bayramlı kəndləri, Qazax rayonunun isə Birinci Şıxlı, İkinci Şıxlı, Qaymaqlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndlərində qaz təchizatı dayandırılacaq.
Qeyd olunub ki, işlər başa çatdıqdan sonra qaz təchizatı texnoloji rejimlərə uyğun şəkildə mərhələli olaraq bərpa ediləcək.
