İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Daxili İşlər Nazirliyi internet və sosial şəbəkələr üzərindən həyata keçirilən onlayn alış-verişlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Nazirliyin apardığı araşdırmalar və daxil olan müraciətlər zamanı kiberdələduzların saxta satış səhifələrindən istifadə edərək vətəndaşları aldatdıqları müəyyənləşib.
Belə ki, dələduzlar müxtəlif məhsulları bazar qiymətindən daha ucuz və cəlbedici qiymətlərlə təqdim edir, vətəndaşlardan əvvəlcədən ödəniş alır, daha sonra isə əlaqəni kəsərək telefon nömrələrini və sosial şəbəkə hesablarını bloklayırlar.
DİN vətəndaşlara internetdə və sosial şəbəkələrdə qarşılaşdıqları satış səhifələrinin etibarlılığını əvvəlcədən araşdırmağı tövsiyə edir.
Həmçinin tanımadıqları və etibar etmədikləri şəxslərdən məhsul sifariş etməmək, xüsusilə də əvvəlcədən ödəniş tələb edən təkliflərə qarşı diqqətli olmaq çağırışı edilir.
Vətəndaşlara bildirilib ki, onlayn alış-veriş zamanı diqqətsizlik maddi itkilərlə nəticələnə bilər.
