İcbari tibbi sığorta şəhadətnaməsinin müvafiq elektron informasiya sistemində elektron formada yaradılması nəzərdə tutulur.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu, “Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, “Tibbi sığorta haqqında” qanuna icbari tibbi sığorta fondu anlayışının əlavə olunması təklif edilir.
Eyni zamanda, icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi üçün hüquqi əsasların yaradılması nəzərdə tutulur.
Dəyişikliklərə əsasən, ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin apteklər tərəfindən elektron resept əsasında verilməsi də qanunvericiliklə tənzimlənəcək. Elektron reseptlər müvafiq informasiya sisteminə ötürüləcək və dərman vasitələri həmin reseptlər əsasında buraxılacaq.
Qeyd olunub ki, layihənin qəbul ediləcəyi təqdirdə icbari tibbi sığorta sahəsində elektron xidmətlərin hüquqi bazası təkmilləşdiriləcək, elektron resept sisteminin tətbiqi qanunla tənzimlənəcək və icbari tibbi sığorta şəhadətnaməsinin elektron formada yaradılması təmin olunacaq.
Bununla yanaşı, əlilliyi olan şəxslərin reabilitasiya imkanlarının qiymətləndirilməsi ilə bağlı hüquqi tənzimləmələrin reabilitasiya xidmətləri sahəsində səlahiyyət bölgüsünə uyğunlaşdırılması planlaşdırılır.
