ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə 2026/2027 ci tədris ili üzrə şagird qəbulu müsabiqəsinin ixtisas və məktəb seçimi mərhələsinə bu gündən start verilib.
Nazirliyin məlumatına görə, seçim prosesi iyulun 20 dək davam edəcək.
Qəbul imtahanında mümkün 100 baldan ən azı 50 bal toplayan namizədlər “My Culture” vahid şəxsi kabinet sistemi üzərindən qeydiyyatdan keçdikləri hesab vasitəsilə ixtisas və məktəb seçimi edə bilərlər. Hər namizədə 3 ixtisas, hər ixtisas üzrə isə 2 məktəb seçmək imkanı yaradılıb.
Xarici ölkə vətəndaşları isə məktəb və ixtisas seçimini müvafiq regional mədəniyyət idarəsinə müraciət etməklə həyata keçirə biləcəklər.
Ödənişsiz təhsil üzrə qəbul aşağıdakı yaş hədlərinə uyğun aparılır:
Musiqi alətləri ixtisaslarında 7 illik fortepiano və simli alətlər üzrə 6 dan 8 yaşadək, 5 illik fortepiano, simli, nəfəs, zərb və xalq çalğı alətləri üzrə isə 9 dan 12 yaşadək uşaqlar qəbul olunur.
Vokal, estrada oxuma, xanəndəlik və xor ixtisaslarında vokal, estrada oxuma və xanəndəlik üzrə yaş həddi 7 dən 11 yaşadək, xor ixtisasında isə 7 dən 10 yaşadək müəyyən edilib.
Təsviri sənət istiqamətində rəssamlıq və heykəltəraşlıq ixtisaslarına 8 dən 12 yaşadək, xoreoqrafiya ixtisasına isə 6 dan 10 yaşadək namizədlər qəbul edilir.
Ödənişli təhsil üzrə minimum yaş hədləri dəyişməz saxlanılıb, maksimum yaş həddi isə 40 olaraq müəyyən edilib.
Qəbul müsabiqə prinsipi əsasında aparılır. Namizədlər topladıqları bala uyğun reytinq sırası ilə yerləşdirilir və ayrılmış plan yerləri çərçivəsində qəbul olunurlar. Hər ixtisas və məktəb üzrə sonuncu qəbul edilən namizədin balı həmin ixtisasın keçid balı hesab olunur.
Məktəb və ixtisas seçiminin nəticələri açıqlandıqdan sonra namizəd, 18 yaşı tamam olmayanlar üçün isə valideyn və ya qanuni nümayəndə sistem üzərindən təhsil alacağını təsdiqləməli və tələb olunan sənədləri elektron qaydada yükləməlidir.
Tələb olunan sənədlərə xarici ölkə vətəndaşları üçün Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, eləcə də sağlamlıq haqqında tibbi arayış daxildir.
