Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu Sultan Qasımov külli miqdarda qızıl qaçaqmalçılığında ittiham olunur.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Sultan Qasımov barəsində başlanmış cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb.
İstintaq zamanı zərərçəkən şəxslərə 200 min manatdan artıq ziyan dəydiyi müəyyənləşdirilib. Ziyanın bir hissəsi istintaq müddətində ödənilib.
Cinayət işi üzrə istintaq yekunlaşdırılıb və materiallar baxılması üçün məhkəməyə göndərilib. İşə yaxın vaxtlarda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacağı gözlənilir.
Sultan Məhəmməd oğlu Qasımov 2009-cu ildə Azərbaycanın Yekaterinburqdakı ilk baş konsulu təyin edilib və 2016-cı ildə bu vəzifədən geri çağırılıb. Həmin ilin mayında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu vəzifəsinə təyin olunan Qasımov 2024-cü il oktyabrın 21-də vəzifəsindən geri çağırılıb.
Qeyd edək ki, ittiham məhkəmənin yekun qərarı ilə təsdiqlənməyənədək şəxs təqsirsiz hesab olunur.
