Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Moldovadan Norveçə uçuşa hazırlaşarkən dron təhlükəsi ilə üzləşib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Store açıqlama verib.
Onun sözlərinə görə, insident sentyabrın 8-də baş verib. Baş nazir bildirib ki, Zelenskinin təyyarəsi Moldovadan havaya qalxmağa hazırlaşarkən az qala dronla toqquşub.
Lakin Store bu məlumatı hansı mənbədən əldə etdiyini açıqlamayıb.
Daha sonra Norveç Baş nazirinin Aparatı açıqlamaya aydınlıq gətirib. Bildirilib ki, həmin gün Moldovanın hava məkanında dron təhlükəsi yaranıb və bu səbəbdən Zelenskinin Osloya uçuşu müəyyən qədər gecikib. Bununla yanaşı, dronun prezidentin təyyarəsinə nə qədər yaxın olduğu barədə dəqiq məlumatın olmadığı qeyd edilib.
Ukraynalı yüksəkvəzifəli məmur isə bildirib ki, Zelenskinin təyyarəsi Kişineu hava limanından uçuşa hazırlaşarkən Rusiyaya məxsus reaktiv mühərrikli pilotsuz uçuş aparatı Moldova hava məkanına daxil olub. Təhlükəsizlik tədbirləri çərçivəsində prezidentin uçuşu təxirə salınıb və digər reyslərin hərəkəti də müvəqqəti dayandırılıb.
Moldova polisi sentyabrın 9-da ölkə ərazisində mühərriklə təchiz edilmiş və yerə düşmüş pilotsuz uçuş aparatının aşkarlandığını açıqlayıb. Məlumata görə, PUA yerə çırpılarkən partlayış baş verib və ərazidə böyük çuxur yaranıb.
Qeyd edək ki, Volodimir Zelenski sentyabrın 8-də axşam saatlarında Moldovadan Norveçin paytaxtı Osloya yola düşüb. Ukrayna Prezidenti Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak etmək üçün bu ölkəyə səfər edib.
