Milli Mətbuat Günü münasibətilə Fəxri xiyabanda Həsən bəy Zərdabi və Ulu Öndərin xatirəsi anılıb
22 İyul – Milli Mətbuat Günü münasibətilə Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının nümayəndələri Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər.
ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə əklil qoyub, xatirəsini dərin hörmətlə anıblar.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət edilib, məzarı üzərinə tər güllər düzülərək əziz xatirəsinə ehtiram ifadə olunub.
Anım mərasimi çərçivəsində Azərbaycan milli mətbuatının banisi, “Əkinçi” qəzetinin naşiri və baş redaktoru, maarifçi ziyalı Həsən bəy Zərdabinin məzarı da ziyarət olunub. Onun məzarı önünə əklil və gül dəstələri qoyulub, Azərbaycan mətbuatının formalaşmasında göstərdiyi misilsiz xidmətlər bir daha minnətdarlıqla xatırlanıb.
Milli Mətbuat Günü münasibətilə keçirilən bu anım mərasimi Azərbaycan jurnalistikasının zəngin ənənələrinə, söz və fikir azadlığının inkişafına mühüm töhfələr vermiş tarixi şəxsiyyətlərin irsinə göstərilən ehtiramın növbəti ifadəsi kimi dəyərləndirilir.
