Bakıda iki qurum yenidən təşkil olunur, bir sıra obyektlər Mədəniyyət Nazirliyinə verilir
İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən bəzi qurumlarla bağlı fərman imzalayıb.
Fərmana əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən müdiriyyət “İnterservis” Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyət istiqamətləri nəzərə alınmaqla yenidən təşkil ediləcək.
Sənədə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərən “Bakımənzilkommunlayihə” Layihə İnstitutunun ləğv olunması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.
Bununla yanaşı, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl Teatr” Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə veriləcək.
Müvafiq dövlət qurumlarına fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.
