Salyanda çobanın heyvanlarla birlikdə yoxa çıxması ilə bağlı yeni təfərrüatlar üzə çıxıb
Salyan rayonunda 26 yaşlı çoban Ramiz İlkin oğlu Rüstəmovun xırdabuynuzlu heyvanlarla birlikdə yoxa çıxması ilə bağlı yeni detallar məlum olub.
ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, gənc heyvanları özü ilə aparıb. Bildirilir ki, ümumilikdə 84 baş xırdabuynuzlu heyvanın 54-ü qoyun, 30-u isə keçi olub. Aparılan axtarışlar zamanı 71 baş heyvan tapılıb. Məlumata əsasən, Ramiz Rüstəmov 14 baş heyvanı özü ilə aparıb.
Əldə olunan digər məlumata görə, bu, onun iştirak etdiyi ilk belə hadisə deyil. İddia olunur ki, o, əvvəllər də oxşar hadisə törədib və bir müddət sonra evə qayıdıb.
Xatırladaq ki, hadisə Salyan rayonunun Qırxçıraq kəndi ərazisində baş verib. Ramiz Rüstəmov iki gün əvvəl ailəsinə məxsus xırdabuynuzlu heyvanları otarmaq üçün örüş sahəsinə aparsa da, geri qayıtmayıb. Yaxınlarının müraciətindən sonra hüquq-mühafizə orqanları tərəfindən axtarış tədbirlərinə başlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
