İranın Ali rəhbəri Müctəba Xamenei müxtəlif cinayətlərə görə məhkum olunmuş 2 min nəfərin əfv edilməsi barədə fərman imzalayıb.
İLKİNxeber.az-ın “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, qərar ölkənin Məhkəmə Hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhsəni-Ejeinin müraciəti əsasında qəbul olunub. Ali rəhbər müraciəti müsbət dəyərləndirərək bir qrup məhkumun cəzasının bağışlanmasına və ya yüngülləşdirilməsinə razılıq verib.
Məlumata əsasən, bu sənəd Müctəba Xameneinin bu ilin mart ayında Ali rəhbər vəzifəsinə seçilməsindən sonra imzaladığı ilk genişmiqyaslı əfv fərmanıdır.
Əfv qərarının Qurban bayramı və Qədir Xum bayramı ərəfəsində qəbul edildiyi bildirilir. İran rəsmiləri bu addımı humanitar yanaşmanın və dini bayramlar münasibətilə göstərilən mərhəmət siyasətinin tərkib hissəsi kimi qiymətləndirirlər.
Qeyd edək ki, 56 yaşlı Müctəba Xamenei 2026-cı il martın 8-də İranın Ali rəhbəri vəzifəsinə seçilib.
