Kənd Təsərrüfatı Nazirliyi birillik əkin aparan fermerlər üçün yeni dəstək mexanizminin tətbiqinə başlayır.
İlkinxeber.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, əsas məqsəd aqrar sahəyə özəl vəsaitlərin cəlbini artırmaq və fermerlər üçün maliyyə əlçatanlığını yaxşılaşdırmaqdır.
Yeni mexanizm çərçivəsində əkin məqsədli kreditlərin illik faizinin 19 faizədək hissəsi dövlət büdcəsi hesabına qarşılanacaq. Bu dəstək çəltik, qarğıdalı, darı, günəbaxan, kartof, tərəvəz və bostan bitkiləri, eləcə də pambıq, şəkər çuğunduru, tütün və soya kimi məhsulların istehsalı ilə məşğul olan fermerləri əhatə edəcək.
Qaydalara əsasən, müddəti 1 ili keçməyən kreditlər üzrə faizlər Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödəniləcək və fermerlər yalnız əsas borcu geri qaytaracaqlar.
Nazirlik bildirir ki, bu addım əkin mövsümündə fermerlərin maliyyə ehtiyaclarını daha operativ qarşılamağa imkan verəcək. Kreditlərdən yararlanmaq istəyənlər banklara və bank olmayan kredit təşkilatlarına müraciət edə bilərlər.
Qeyd edək ki, mexanizm Prezidentin 5 mart 2026-cı il tarixli fərmanına uyğun olaraq həyata keçirilir.
