İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, Abşeronun şimal qərb hissəsini paytaxtın şərq və cənub qərb istiqamətləri ilə birbaşa əlaqələndirəcək yeni Mehdiabad, Baksol, Ziya Bünyadov prospekti avtomobil yolunun tikintisi planlaşdırılır. Layihə çərçivəsində yolun Heydər Əliyev Prospekti ilə birləşdirilməsi də nəzərdə tutulur.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasına əsasən, gələcək mərhələdə yeni magistralın 8 Noyabr Prospekti ilə əlaqələndirilməsi planlaşdırılır.
Məlumata görə, irimiqyaslı yol layihəsi Mehdiabad və Binəqədi ərazilərindən başlayaraq Binəqədi şosesinə çıxış yaradacaq. Layihənin əsas məqsədi şəhər daxilində nəqliyyat axınının daha səmərəli bölüşdürülməsini təmin etməkdir.
İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, yeni yolun istifadəyə verilməsi nəticəsində xüsusilə Binəqədi, 20 Yanvar və Ziya Bünyadov Prospekti istiqamətlərində müşahidə olunan gündəlik tıxacların azalacağı gözlənilir. Alternativ marşrutların yaradılması sürücülərin hərəkət imkanlarını genişləndirəcək və şəhərdaxili nəqliyyat yükünü xeyli azaldacaq.
Mütəxəssislərin fikrincə, həyata keçirilən yeni infrastruktur layihələri dairəvi yollarla inteqrasiya olunaraq vahid nəqliyyat şəbəkəsinin formalaşmasına və paytaxtda daha rahat hərəkət imkanlarının yaranmasına şərait yaradacaq.
