Azərbaycanda avtonom nəqliyyat vasitələri üçün xüsusi tanınma nişanı tətbiq olunacaq
Azərbaycanda avtonom nəqliyyat vasitələrinin digər nəqliyyat vasitələrindən fərqləndirilməsi məqsədilə xüsusi “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanının tətbiqi nəzərdə tutulur.
İLKİNxeber.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılan “Nəqliyyat haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı da daxil olmaqla bütün nəqliyyat növlərində avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün hüquqi, texnoloji və institusional mexanizmlərin formalaşdırılması nəzərdə tutulur.
Qanun layihəsinin əsas məqsədi ölkədə avtonom nəqliyyat sistemlərinin inkişafı və istifadəsi üçün zəruri normativ bazanın yaradılmasıdır.
Müzakirələrin ardından qanun layihəsi səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.
