Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin son açıqlamalarını qərəzli və əsassız adlandıraraq onları qəti şəkildə rədd edib.
İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Fransa Milli Assambleyası üzvlərinin ünvanladıqları suallara cavab olaraq yayılan bəyanatlarda Azərbaycanla bağlı səsləndirilən fikirlər reallığı əks etdirmir və bölgədəki mövcud vəziyyətə birtərəfli yanaşmanı nümayiş etdirir.
Qeyd olunub ki, Fransanın açıqlamalarında Ermənistanın təhlükəsizliyi, Qarabağdan köçmüş ermənilər və Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı məsələlərə geniş yer verilsə də, Ermənistanın uzun illər davam edən işğal siyasəti, Azərbaycan ərazilərində törədilmiş dağıntılar, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, itkin düşmüş şəxslərin taleyi və mina təhlükəsi kimi mühüm mövzular diqqətdən kənarda saxlanılıb.
Azərbaycan tərəfi vurğulayıb ki, insan hüquqları ilə bağlı müxtəlif problemlərlə üzləşən və bu istiqamətdə tez-tez tənqid olunan Fransanın Azərbaycana bu sahədə dərs verməyə çalışması qəbuledilməzdir.
XİN hesab edir ki, Paris regionda formalaşmış yeni reallıqları qəbul etməkdə çətinlik çəkir və sülh prosesinə töhfə vermək əvəzinə, köhnə və qərəzli siyasi yanaşmasını davam etdirir. Rəsmi Bakı bu cür mövqenin Fransanın Cənubi Qafqazdakı nüfuzuna və etibarlı tərəfdaş imicinə mənfi təsir göstərdiyini bildirib.
