Venesuelanın qızıl ehtiyatlarının taleyi ilə bağlı razılaşma hazırlanır
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin İngiltərə Bankında saxlanılan qızıl ehtiyatlarının Nyu-York Federal Ehtiyat Bankına köçürülməsini nəzərdə tutan razılaşmanı imzalamağa hazırlaşır.
“Financial Times”ın mənbələrə istinadən yaydığı məlumata görə, hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təxminən 4 milyard dollar olan 31 ton Venesuela qızılı saxlanılır.
Müzakirə olunan razılaşmanın şərtlərinə əsasən, Delsi Rodrigesin rəhbərlik etdiyi hökumət qızıl üzərində hüquqi nəzarət əldə edəcək. Lakin qızılın dərhal satılması mümkün olmayacaq.
Qiymətli metal ölkənin xərclərinin maliyyələşdirilməsi, o cümlədən zəlzələdən sonra bərpa işləri üçün kreditlərin təminatı məqsədilə girov kimi istifadə oluna bilər.
Mənbənin məlumatına görə, razılaşmanın texniki detallarının razılaşdırılması müəyyən vaxt tələb edə bilər. Qızılın Londondan Nyu-Yorka köçürülməsi Venesuela hökuməti ilə müxalifət arasında aparılan danışıqların ilk real nəticələrindən biri hesab olunur.
Qeyd edək ki, Venesuela rəhbərliyi daha əvvəl də Böyük Britaniyada saxlanılan dövlət qızıl ehtiyatları ilə bağlı əməliyyatlar aparmağa cəhd edib. Lakin bu müraciətlər Britaniya bankı tərəfindən qəbul edilməyib. Buna səbəb kimi Böyük Britaniyanın həmin dövrdə Nikolas Maduronu Venesuelanın qanuni lideri kimi tanımaması göstərilib.
Venesuela qızılını Londondan çıxarır
Şərh edilməmiş
