Bakıda və Abşeron yarımadasında güclü leysan gözlənilir
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti iyunun 27-si axşamdan 28-i səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı növbəti xəbərdarlıq yayıb.
Məlumata görə, qeyd olunan müddətdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, gecə saatlarında isə yağıntının qısa müddətə daha da güclənəcəyi ehtimal edilir. İyunun 28-də havanın nisbətən sərin keçəcəyi proqnozlaşdırılır.
Bildirilib ki, ölkənin rayonlarında da qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti iyunun 28-i axşamadək davam edəcək. Ayrı-ayrı ərazilərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir.
Eyni zamanda, çaylarda, o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, bəzi dağ çaylarında qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi, həssas ərazilərdə isə subasma riskinin olduğu vurğulanıb.
