Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 2 də Türkiyənin ədliyyə naziri Akın Gürleki qəbul edib.
İLKİNxeber.az xəbər verir ki, görüş zamanı Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə təşəkkürünü bildirərək, öz salamlarının da Türkiyə Prezidentinə çatdırılmasını xahiş edib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında ortaq tarixə, mədəniyyətə və qardaşlığa söykənən münasibətlərin hər iki ölkə liderinin səmimi əlaqələri sayəsində daha da möhkəmləndiyi vurğulanıb.
Akın Gürlek Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mühüm inkişaf yolu keçdiyini qeyd edərək, ölkənin iqtisadi nailiyyətlərini, beynəlxalq nüfuzunun artmasını və Qarabağda qazanılmış tarixi Zəfəri yüksək qiymətləndirib.
Türkiyənin ədliyyə naziri Azərbaycanın bölgədə enerji, nəqliyyat və bağlantı layihələrində, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılmasında mühüm rol oynadığını bildirib və Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını vurğulayıb.
Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Həmçinin iki ölkənin Ədliyyə nazirlikləri arasında formalaşmış səmərəli əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilib və bu tərəfdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
