İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi sürücülərə müraciət edərək yanğın və digər fövqəladə hadisələr zamanı xüsusi təyinatlı texnikaların hadisə yerinə maneəsiz çatmasının vacibliyini bir daha xatırladıb.
Bildirilib ki, yanğınsöndürmə və xilasetmə avtomobillərinin, eləcə də digər iriqabaritli xüsusi texnikaların hadisə yerinə operativ şəkildə yaxınlaşması, döyüş vəziyyətinə gətirilməsi və xilasetmə əməliyyatlarının səmərəli aparılması üçün nəqliyyat vasitələri yalnız bunun üçün nəzərdə tutulmuş yerlərdə park edilməlidir.
Nazirlik qeyd edib ki, avtomobillər park edilərkən onların arasında kifayət qədər məsafə saxlanılmalı, digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə maneə yaradılmamalı, həmçinin su hovuzları və hidrantlardan rahat istifadə üçün giriş yolları açıq qalmalıdır.
FHN sürücüləri məsuliyyətli davranmağa və fövqəladə hallarda xilasetmə xidmətlərinin operativ fəaliyyətinə mane ola biləcək hallardan çəkinməyə çağırıb.
