Dövlət Dəniz və Liman Agentliyi (DDLA) son dövrlərdə beynəlxalq sularda artan təhlükəsizlik riskləri fonunda gəmiçilik şirkətlərinə və dənizçilərə mühüm çağırış edib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, qurum xüsusilə Qara və Azov dənizləri hövzəsində, həmçinin Hörmüz boğazı və Fars körfəzində risklərin yüksək olduğunu diqqətə çatdırıb. Agentlik Azərbaycan dənizçilərinə həyat və sağlamlıqlarını hər şeydən üstün tutmağı tövsiyə edib.
DDLA bildirib ki, son aylarda xarici bayraq altında üzən gəmilərdə çalışan azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı xəbərlər narahatlıq doğurur. Qurum həlak olan dənizçilərə Allahdan rəhmət diləyərək, onların ailələrinə başsağlığı verib.
Agentlik dənizçilərə müharibə zonalarına və ya aktiv hərbi əməliyyatların getdiyi ərazilərə səfər etməzdən əvvəl riskləri diqqətlə qiymətləndirməyi, rəsmi qurumların xəbərdarlıqlarını nəzərə almağı və mümkün olduğu hallarda belə səfərlərdən imtina etməyi tövsiyə edib.
Bununla yanaşı, DDLA gəmiçilik şirkətlərini də məsuliyyətli davranmağa çağırıb. Bildirilib ki, şirkətlər dənizçilərin təhlükəsizliyini prioritet saymalı, onları yüksək riskli bölgələrə göndərərkən bütün zəruri təhlükəsizlik tədbirlərini görməli və imkan daxilində belə marşrutlardan uzaq durmalıdır.
Qeyd edək ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Hadisə zamanı gəmidə olan 11 azərbaycanlı ekipaj üzvündən 10-u xilas edilərək sahilə çıxarılıb, gəminin kapitanı isə həlak olub.
