Xəbər verdiyimiz kimi, bu gün tiktoker İlduzə Hacıyevaya (Arzum) hökm oxunub. O, ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə və hadisə yerini tərk etməkdə təqsirli bilinərək 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, hökm elan edildikdən sonra Arzumun atası Elmar Hacıyev məhkəmə binasının qarşısında emosional çıxış edib. O, hadisə nəticəsində həyatını itirən və xəsarət alan şəxslərin yaxınlarının ünvanına təhqiramiz ifadələr işlədib.
Hadisə ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və istifadəçilər tərəfindən tənqid edilib. Eyni zamanda, Elmar Hacıyevin daha əvvəl də sosial şəbəkələr vasitəsilə zərərçəkmiş tərəf barədə nalayiq ifadələr səsləndirdiyi xatırladılıb. Arzumun bəzi yaxınlarının isə qəzada həyatını itirən şəxs haqqında müxtəlif ittiham xarakterli fikirlər səsləndirdiyi bildirilib.
Qeyd olunur ki, bu iddialar hazırkı cinayət işi üzrə məhkəmə araşdırmasının predmeti olmayıb. Bu səbəbdən həmin açıqlamaların hüquqi qiymətləndirilməsi gələcəkdə ayrıca araşdırma predmeti ola bilər.
Xatırladaq ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən, böhtan və təhqir əməlləri cinayət məsuliyyəti yaradır və bu əməllərə görə qanunvericilikdə müvafiq cəzalar nəzərdə tutulub.
