Sumqayıt şəhərində fəaliyyət göstərən “Liman Klinikası” qüsurlu cərrahi əməliyyatla bağlı pasiyentə təzminat ödəməli olacaq.
İlkinxeber.az informasiya agentliyi bildirir ki, məhkəmə qərarına əsasən, “Liman Qrup” MMC pasiyent Nuridə Zülfüqarovaya maddi və mənəvi zərərə görə ümumilikdə 31 min 574 manat ödəməlidir.
Məlumata görə, Nuridə Zülfüqarova 2024-cü ildə klinikada cərrah Əfqan Ağagülov tərəfindən burun əməliyyatı etdirib. Əməliyyatdan sonra isə onun sol gözündə çəplik yaranıb.
Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılsa da, cinayət işinin başlanmasından imtina edilib. Bununla belə, məhkəmə-tibb ekspertizasının rəyi əməliyyatın qüsurlu icra olunduğunu təsdiqləyib.
İddiaçının vəkili Anar Məmişov ekspertiza rəyini və əməliyyatdan sonra çəkilən xərcləri məhkəməyə təqdim edib. Zülfüqarova klinikadan və həkimdən 40 min manat maddi, 10 min manat isə mənəvi zərərin ödənilməsini tələb edib.
Cavabdeh tərəf isə iddia ilə razılaşmayıb. Cərrah Əfqan Ağagülov pasiyentin əməliyyatdan sonra müalicə qaydalarına düzgün əməl etmədiyini və dərmanları qəbul etmədiyini bildirib. Həkimin sözlərinə görə, gözündə yaranan problem bununla əlaqədar olub.
Sumqayıt Şəhər Məhkəməsi iddianı qismən təmin edib. Qərara əsasən, “Liman Qrup” MMC pasiyentə maddi zərərə görə 28 min 574 manat, mənəvi zərərə görə isə 3 min manat təzminat ödəməlidir.
Məhkəmə həkim Əfqan Ağagülova qarşı irəli sürülən tələbi təmin etməyib. Qərarda bildirilib ki, həkim klinikanın əməkdaşı olduğundan, vurulmuş zərərə görə hüquqi məsuliyyəti işəgötürən daşıyır.
Qərar apellyasiya və ali instansiya məhkəmələri tərəfindən də qüvvədə saxlanılıb.
Qeyd edək ki, zərərçəkənin qızı Ramilə Məmmədova iki il əvvəl məsələ ilə bağlı mediaya müraciət etmişdi. O, 54 yaşlı anasının II qrup əlil olduğunu, uzun illər bağça müəllimi kimi çalışdığını bildirmişdi. Şikayətçinin sözlərinə görə, əməliyyatdan sonra yaranan problemlə bağlı həkimə müraciət etdikdə onlara “gözləyin, düzələcək” cavabı verilib.
