Rusiyanın neft emalı zavodlarına endirilən ardıcıl zərbələr ölkədə yanacaq qıtlığını daha da dərinləşdirib. Yaranmış vəziyyət fonunda Moskvanın Hindistandan benzin idxalına başladığı bildirilir.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, Rusiya Hindistandan yanacağın ilk partiyalarını artıq qəbul edib. Məlumata görə, Moskva yaxın aylarda hər ay Hindistandan 400 min tona qədər benzin idxal etməyi planlaşdırır.
Qeyd edilir ki, daxili bazarda yaranan defisiti azaltmaq üçün bir müddət əvvəl Rusiyaya yanacaq tədarük edən Belarusdan sonra Hindistan da prosesə qoşulub. Vaxtilə “enerji fövqəldövləti” kimi təqdim olunan Rusiyanın yanacaq idxalına ehtiyac duyması diqqət çəkir.
Avropada da bəzi ölkələrdə yanacaqla bağlı çətinliklər yaşanır. Bir sıra yanacaqdoldurma məntəqələrinin qarşısında uzun avtomobil növbələrinin yarandığı bildirilir.
Mövzu ilə bağlı açıqlama verən iqtisadçı Natiq Cəfərli qeyd edib ki, Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində ölkədə neft emalı təxminən 20 faiz azalıb.
Onun sözlərinə görə, emal həcminin beşdəbir qədər azalması ciddi göstəricidir:
“Ukrayna hücumlar üçün maraqlı bir dövr seçib. Hazırda Rusiyada kənd təsərrüfatı mövsümü başlayır və bu dövrdə dizel yanacağına tələbat artır. Rusiya aqrar ölkə olduğundan kənd təsərrüfatında dizeldən geniş istifadə olunur. Yanacaq istehsalının azalması Moskvanı ordu ilə kənd təsərrüfatı arasında seçim etməyə məcbur edir. Halbuki hər iki sahə Rusiya üçün prioritetdir. Bu səbəbdən ölkədə ciddi yanacaq qıtlığı yaranıb”.
İqtisadçı Avropadakı vəziyyətin səbəblərinin isə fərqli olduğunu vurğulayıb. Onun sözlərinə görə, Avropada yaranan son yanacaq problemi əsasən Hörmüz boğazında müşahidə olunan gərginliklə bağlı olub.
“Hörmüz boğazından sutkada təxminən 20 milyon barrel neft daşınırdı. Bu həcmin müəyyən hissəsi Avropanın emal sənayesinə yönəlirdi. Boğazda yaranan böhran səbəbindən Avropaya ötürülən neftin həcmi kəskin azalmışdı. Hazırda həmin problem aradan qalxsa da, anomal hava şəraiti hələ də yanacağın daşınmasına mane olur”, – deyə N.Cəfərli bildirib.
Ekspertin fikrincə, yüksək temperatur bəzi bölgələrdə elektrik xətlərində nasazlıqlara səbəb olur, bu isə yük qatarlarının hərəkətində fasilələr yaradır. Nəticədə yanacağın logistikasında gecikmələr meydana çıxır.
Beləliklə, Rusiya və Avropada müşahidə olunan yanacaq çətinlikləri zahirən oxşar görünsə də, onların yaranma səbəbləri fərqlidir. Rusiyada əsas problem neft emalı infrastrukturuna zərbələr və daxili tələbatın artmasıdırsa, Avropada yanacaq təchizatına logistika və iqlim amilləri təsir göstərir.
