İlkinxeber.az İnformasiya Agentliyi məlumat verir ki, qəza axşam saatlarında Masallı-Yardımlı avtomobil yolunun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, Ərkivan qəsəbə sakini, 31 yaşlı Rusif Babayev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən Cəlilabad rayon sakini Nikbin Feyzullayevin idarə etdiyi digər “Mercedes” markalı avtomobillə toqquşub.
Toqquşmanın təsirindən Rusif Babayevin idarə etdiyi avtomobil yoldan çıxaraq əvvəlcə beton elektrik dirəyinə, daha sonra isə ağaca çırpılıb. Zərbənin gücündən elektrik dirəyi bir neçə hissəyə parçalanıb.
Hadisə nəticəsində Rusif Babayev aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişinlər isə təcili tibbi yardım briqadalarının köməyi ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Yaralanan şəxslərin Ərkivan qəsəbə sakinləri — 33 yaşlı Pərvin Həsənov, 23 yaşlı Fərid Qasımov və 34 yaşlı Araz Məmmədzadə olduğu bildirilir.
Həkimlərin müdaxiləsinə baxmayaraq, Araz Məmmədzadənin həyatını xilas etmək mümkün olmayıb. Bununla da qəza nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.
Meyitlər aidiyyəti üzrə təhvil verilib, yaralıların müalicəsi xəstəxananın müvafiq şöbələrində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
