İrandan Azərbaycana külli miqdarda narkotik vasitə və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sentyabrın 6-da sərhəd axtarışı və əməliyyat tədbirləri keçirilib. Tədbirlər zamanı ümumilikdə 38 kiloqram 778 qram narkotik vasitə və 7 680 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Məlumata görə, gecə saat 01:30-da İran İslam Respublikasından Azərbaycan ərazisinə pilotsuz uçuş aparatı vasitəsilə 21 kiloqram 700 qram narkotik vasitə və 1 000 ədəd Metadon M-40 həbinin keçirilməsinə cəhd edilib. Saat 04:10-da isə paraplan vasitəsilə 17 kiloqram 78 qram narkotik vasitə və 6 680 ədəd Metadon M-40 həbi ölkə ərazisinə keçirilməyə çalışılıb. Hər iki cəhdin qarşısı sərhədçilər tərəfindən alınıb. Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
