İyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Vestri” (İslandiya) qarşılaşması ilə əlaqədar Bakı Metropoliteninin iş rejimində dəyişiklik ediləcək.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, azarkeşlərin oyuna rahat və təhlükəsiz şəkildə gediş-gəlişini təmin etmək məqsədilə metro gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bildirilib ki, stansiyalarda əlavə işçi qüvvəsi cəlb olunacaq, sərnişin sıxlığının tənzimlənməsi üçün nəzarət tədbirləri artırılacaq. Zərurət yaranacağı təqdirdə xəttə əlavə qatarların buraxılması da nəzərdə tutulur.
Qeyd edək ki, “Qarabağ” – “Vestri” oyunu saat 20:00-da start götürəcək.
