İLKİNxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanda ali təhsil sisteminə yeni daxil edilən ixtisaslardan biri “Daşınmaz əmlakın idarə olunması” olacaq. Son illərdə ölkədə yaşayış komplekslərinin, ticarət obyektlərinin və müxtəlif daşınmaz əmlak növlərinin sayının artması bu sahədə peşəkar idarəçiliyə olan tələbatı da yüksəldib.
Bir çox ölkələrdə ayrıca peşə kimi formalaşmış əmlak idarəçiliyi artıq Azərbaycanda da universitetlərdə tədris olunacaq. Bununla belə, yeni ixtisasın tətbiqi ictimaiyyət arasında müxtəlif müzakirələrə səbəb olub. Xüsusilə sosial şəbəkələrdə bəzi gənclər bu sahənin daha çox praktiki fəaliyyət tələb etdiyini bildirərək, onun ali təhsil proqramından çox qısamüddətli kurslar və sertifikat proqramları ilə öyrədilməsinin daha məqsədəuyğun olduğunu qeyd edirlər.
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli bildirib ki, daşınmaz əmlakın idarə olunması və qiymətləndirilməsi sahəsində ölkədə müəyyən boşluqlar mövcuddur və bu səbəbdən dördillik bakalavr təhsili mühüm əhəmiyyət kəsb edir:
“Əgər bu ixtisas çərçivəsində peşəkar kadrlar hazırlanarsa, gələcəkdə bu sahə ciddi inkişaf edə bilər. Azərbaycanda şəhərsalma ilə bağlı beynəlxalq tədbirlər keçirilir, paytaxt və regionların yenidən qurulması istiqamətində layihələr müzakirə olunur. Bu isə peşəkar mütəxəssislərə ehtiyacın artacağını göstərir”.
Ekspert eyni zamanda vurğulayıb ki, bu sahədə keyfiyyətli nəticə əldə etmək üçün yalnız ixtisasın açılması kifayət deyil. Onun sözlərinə görə, universitetlərdə müvafiq maddi-texniki baza yaradılmalı, laboratoriyalar qurulmalı və ixtisaslı müəllim heyəti formalaşdırılmalıdır.
Məmmədlinin fikrincə, daşınmaz əmlakın qiymətləndirilməsi və idarə olunması prosesində tikinti və mühəndislik bilikləri mühüm rol oynadığı üçün dərslərin əsasən inşaat mühəndisləri tərəfindən tədris olunması daha məqsədəuyğun olardı.
“Bu sahədə obyektlərin dəyərinin düzgün müəyyən edilməsi üçün istifadə olunan tikinti materialları, smeta hesablamaları və digər texniki göstəricilər dərindən öyrədilməlidir. Bu isə yalnız nəzəri biliklərlə deyil, praktiki təcrübəyə malik mütəxəssislərin iştirakı ilə mümkün ola bilər”, – deyə o əlavə edib.
Ekspert həmçinin qeyd edib ki, bəzi hallarda yeni ixtisaslar yaradılarkən əvvəlcə kadr hazırlığı və infrastruktur təminatı deyil, formal qərarlar önə çıxır. Bu isə gələcəkdə məzunların əmək bazarına uyğunlaşmasında çətinliklər yarada bilər.
Qeyd edək ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”na yeni dəyişiklik edilib. Dəyişikliyə əsasən, “Daşınmaz əmlakın idarə olunması” ixtisası rəsmi şəkildə bakalavriat səviyyəsində ixtisaslar siyahısına daxil edilib.
Mütəxəssislər hesab edirlər ki, bu addım düzgün şəkildə icra olunarsa, gələcəkdə ölkədə daşınmaz əmlak bazarının daha şəffaf və peşəkar formada inkişafına töhfə verə bilər.
