Sosial şəbəkə platformaları ilə bağlı yeni cərimələr müəyyənləşdirildi
Azərbaycanda sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı qanunvericiliyə mühüm dəyişiklik edilib. ilkinxeber.az informasiya agentliyinin məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı qanunla İnzibati Xətalar Məcəlləsinə, eləcə də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara yeni müddəalar əlavə olunub.
Yeni qaydalara əsasən, qanunvericilikdə nəzərdə tutulan məlumatların müvafiq dövlət orqanına təqdim edilməməsi, gecikdirilməsi və ya natamam, yaxud təhrif olunmuş şəkildə təqdim edilməsi inzibati məsuliyyət yaradacaq. Bu hallarda vəzifəli şəxslər 6 min manatdan 7 min manatadək, hüquqi şəxslər isə 15 min manatdan 20 min manatadək cərimə olunacaqlar.
Bundan başqa, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının provayderləri dövlət orqanının göndərdiyi sorğuları 5 iş günü ərzində cavablandırmadıqda və ya natamam məlumat təqdim etdikdə, vəzifəli şəxslər 7 min manatdan 8 min manatadək, hüquqi şəxslər isə 25 min manatdan 30 min manatadək cərimə ilə üzləşəcəklər.
Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkələrdən təhlükəsiz istifadə ilə bağlı tələblərin pozulmasına görə də ciddi maliyyə sanksiyaları nəzərdə tutulur. Bu halda vəzifəli şəxslər 8 min manatdan 9 min manatadək, hüquqi şəxslər isə 35 min manatdan 40 min manatadək cərimə ediləcəklər.
Eyni inzibati xətanın bir il ərzində təkrar törədilməsi zamanı cərimələr daha da artırılır. Belə hallarda vəzifəli şəxslər 9 min manatdan 10 min manatadək, hüquqi şəxslər isə 45 min manatdan 50 min manatadək cərimə ödəməli olacaqlar.
Qanuna əsasən, yeni tələblər və cərimələr rəsmi dərc olunduğu tarixdən 12 ay sonra qüvvəyə minəcək.

Allah hər bir kəsə koməy olsun
Amin