Sənədsiz evlərin sənədləşdirilməsi prosesi artıq başlayıb. Artıq bu kateqoriyaya aid olan vətəndaşlar müəyyən şərtlər daxilində Dövlət Reyestrindən çıxarış əldə edə bilərlər.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, əsas şərt evin bələdiyyə torpağında inşa olunmasıdır. Əgər tikili bələdiyyə ərazisində yerləşirsə, vətəndaş ilk növbədə aidiyyəti bələdiyyəyə müraciət etməlidir.
Müraciətdən sonra bələdiyyə tərəfindən müstəqil qiymətləndirici cəlb olunur və torpaq sahəsinin bazar dəyəri müəyyən edilir. Daha sonra vətəndaşla bələdiyyə arasında torpağın alqı-satqısı həyata keçirilir. Bu proses tamamlandıqdan sonra isə Dövlət Reyestr Xidmətinə müraciət edilir və nəticədə torpaq sahəsi, eləcə də onun üzərindəki daşınmaz əmlak rəsmi qeydiyyata alınır.
Qeyd olunur ki, bu proses artıq Abşeron yarımadasında start götürüb. Əmlak bazarında fəaliyyət göstərən şəxslərin sözlərinə görə, son günlər bu istiqamətdə ciddi aktivlik müşahidə edilir. Bildirilir ki, vətəndaşlar torpaqları daha asan şəkildə özəlləşdirə və çıxarış əldə edə bilirlər.
Mütəxəssislər qeyd edir ki, bələdiyyələrin bu prosesdə maraqlı olması təsadüfi deyil. Belə ki, torpaqların rəsmiləşdirilməsi bələdiyyə büdcəsinə əlavə vəsait daxil olmasına, həmçinin gələcəkdə vergi yığımının genişlənməsinə imkan yaradır.
Rəsmi məlumatlara əsasən, Abşeron yarımadasında 500 mindən artıq çıxarışsız ev mövcuddur. Bu evlərin bir çox sahiblərində müəyyən sənədlər olsa da, onların bir qismi hüquqi baxımdan keçərli hesab edilmir. Məsələn, bəzi hallarda təqdim olunan bələdiyyə sənədləri həmin əraziyə aid olmur ki, bu da özəlləşdirmə prosesini mümkünsüz edir.
Belə hallarda torpağın təyinatının dəyişdirilməsi tələb olunur ki, bu da Nazirlər Kabinetinin səlahiyyətində olan məsələdir.
Digər tərəfdən, əgər tikili bələdiyyə mülkiyyətində olan torpaqda yerləşirsə və sənədlərdə müəyyən çatışmazlıqlar mövcuddursa, bu problemin hüquqi həlli mümkündür. Vətəndaş bu halda mövcud sənədlərlə Dövlət Reyestr Xidmətinə müraciət etməlidir. Əgər çıxarış verilməsindən imtina olunarsa, vətəndaş etiraz ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
Məhkəmə araşdırması zamanı sənəd çatışmazlığının vətəndaşdan asılı olmadığı müəyyən edilərsə, iddia təmin olunur və məhkəmə qərarı əsasında çıxarış verilir.
Hazırda əsas problemlər 2007-ci ildən sonra bələdiyyə qərarı ilə tikilmiş, həmçinin kommunikasiya xətlərinin üzərində, dəmir və avtomobil yollarının mühafizə zolağında və yüksək gərginlikli elektrik xətlərinin altında inşa olunmuş evlərlə bağlıdır.
