Qanunvericiliyə təklif edilən dəyişikliklərə əsasən, təqsirləndirilən şəxs olmayan, lakin əmlakı üzərinə həbs qoyulması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın qərarı nəticəsində qanuni mənafeyi pozulan şəxslər cinayət prosesində iştirak edən digər şəxslər kateqoriyasına daxil ediləcək.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu dəyişikliklər həmin şəxslərin “qanuni mənafeyinə toxunulan şəxs” qismində cinayət prosesinə cəlb olunmasını və onların proses iştirakçısı kimi apellyasiya, kassasiya və əlavə kassasiya şikayəti vermək hüquqlarının hüquqi əsaslarını müəyyən edir.
Bundan başqa, yeniliklərdən biri də cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə qərarların mülki mühakimə qaydasında deyil, məhkəmə nəzarəti proseduru ilə mübahisələndirilməsinin nəzərdə tutulmasıdır.
Qeyd olunur ki, məhkəmə nəzarəti qaydasında baxış mülki icraatla müqayisədə daha operativ və çevik şəkildə həyata keçirilir. Eyni zamanda, bu yanaşma gələcəkdə məhkəmə qərarlarının preyudisial əhəmiyyəti ilə bağlı yarana biləcək mübahisələrin qarşısını almağa xidmət edir.
