Azərbaycanın strateji valyuta ehtiyatlarında illik müqayisədə artım qeydə alınsa da, iyun ayında azalma müşahidə olunub.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə iqtisadçı alim və deputat Vüqar Bayramov açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda ölkənin strateji valyuta ehtiyatları 86 milyard dollara yaxındır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 10 faiz çoxdur.
Deputat qeyd edib ki, ümumi artım fonunda iyun ayında 2,67 milyard ABŞ dolları həcmində azalma qeydə alınıb. Bu isə bir sıra iqtisadi amillərlə bağlıdır.
“Dövlət Neft Fondu qızıl ehtiyatlarının bir hissəsini ixrac edib. Fond daha çevik və gəlirli investisiya alətlərinə üstünlük verir. Eyni zamanda qeyri-neft ixracında qızılın payının artması da bu satışlarla əlaqəlidir və bu, strateji valyuta ehtiyatlarının həcminə müəyyən təsir göstərir”, – deyə o bildirib.
V.Bayramov əlavə edib ki, enerji resurslarının qiymətlərinin yüksək olduğu dövrlərdə valyuta ehtiyatlarında artım müşahidə olunur. Onun sözlərinə görə, Neft Fondu tərəfindən vəsaitlərin müxtəlif aktivlər arasında yenidən bölüşdürülməsi nəticəsində ehtiyatların strukturunda dəyişikliklər baş verir.
Deputat vurğulayıb ki, bütün bu dəyişikliklərə baxmayaraq, ümumi tendensiya müsbətdir və Azərbaycanın strateji valyuta ehtiyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə artım nümayiş etdirir.
