Naxçıvan Muxtar Respublikasında yeni Agentlik yaradılıb. Bu qurum icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş qaydada alınmasını və xərclərin ödənilməsini həyata keçirəcək. Eyni zamanda, Agentlik əlilliyin müəyyən edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinin təşkili sahəsində fəaliyyət göstərəcək.
Yeni yaradılan qurum Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hüquqi varisi hesab olunur. Ləğv edilən qurumların bütün hüquq və öhdəlikləri, eləcə də əmlakı Agentliyə verilib.
Bununla yanaşı, sığortaolunanların dərman və tibbi vasitələrlə təmin olunması ilə bağlı səlahiyyətlər Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə həvalə edilib.
Əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin təşkili və bu sahədə fəaliyyət göstərən müəssisələr isə bütün əmlakı ilə birlikdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə verilib.
Agentliyin idarə olunması sədr və iki müavindən ibarət üç nəfərlik İdarə Heyəti tərəfindən həyata keçiriləcək.
Qurumun maliyyələşməsi Naxçıvan Muxtar Respublikasının büdcəsi, icbari tibbi sığorta fondu və digər qanuni mənbələr hesabına təmin olunacaq.
Qərar iyulun 13-də imzalanıb və həmin gündən qüvvəyə minib.
Xatırladaq ki, bundan əvvəl “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxs də ləğv edilib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir.
