Qarabağ Universiteti 2026/2027-ci tədris ilindən etibarən Türkiyənin İstanbul Texniki Universiteti ilə beynəlxalq ikili diplom proqramına start verəcək.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu barədə Elm və Təhsil Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, proqram Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 iyul tarixli “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı çərçivəsində həyata keçiriləcək.
Dünyanın mühəndislik sahəsində aparıcı ali təhsil ocaqlarından biri olan İstanbul Texniki Universiteti ilə birgə həyata keçiriləcək proqram İnşaat mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Mexanika mühəndisliyi və Kimya mühəndisliyi ixtisaslarını əhatə edir. Təhsil İTÜ-nün proqramları əsasında tamamilə ingilis dilində təşkil olunacaq.
Tələbələr ilk üç il Xankəndi şəhərində, sonuncu – dördüncü ildə isə İstanbulda təhsil alacaqlar. Dörd il ərzində dərslər İTÜ professorları tərəfindən tədris ediləcək.
Qeyd olunub ki, proqram çərçivəsində bütün xərclər dövlət hesabına qarşılanacaq. Məzunlar həm Qarabağ Universitetinin, həm də İstanbul Texniki Universitetinin bakalavr diplomunu əldə edəcəklər.
Proqram tələbələrə müasir akademik məzmun, nəzəri biliklər və praktiki bacarıqlar qazandırmağı hədəfləyir. Qarabağ Universitetində İTÜ təcrübəsi əsasında yaradılacaq laboratoriyalar tədris, tədqiqat və innovasiya fəaliyyətlərinin inkişafına, eləcə də sənaye müəssisələrinin kampusa cəlb olunmasına imkan verəcək.
Hazırlanacaq yüksəkixtisaslı mütəxəssislərin yerli və beynəlxalq əmək bazarında uğurla fəaliyyət göstərəcəyi gözlənilir.
Qeyd edək ki, “QS World University Rankings 2027” nəticələrinə əsasən İstanbul Texniki Universiteti Türkiyə universitetləri arasında birinci, dünya üzrə isə 279-cu pillədə qərarlaşıb.
Bu proqramın iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyi bildirilir.
