Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncə şəhəri və Samux rayonunda yas mərasimləri zamanı baş vermiş qida zəhərlənməsi halları ilə bağlı araşdırmaları davam etdirir.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, iyulun 12-də Gəncədə 7 nəfər, iyulun 14-də 3 nəfər, iyulun 15-də isə Samuxda 12 nəfər qidadan zəhərlənmə diaqnozu ilə qeydə alınıb və dərhal araşdırmalara başlanılıb.
Aparılan ilkin epidemioloji təhlillər zamanı hər üç hadisədə istifadə olunan qidalar yoxlanılıb və ortaq risk faktoru kimi lavaş məhsulu müəyyən edilib.
Məlumata görə, mərasimlərdə təqdim olunan lavaşlar qeyri-qanuni şəkildə, ev şəraitində hazırlanaraq satışa çıxarılıb. Həmin məhsullardan nümunələr götürülüb və hazırda laborator müayinələr aparılır. Araşdırmaların yekun nəticələri ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.
AQTA vətəndaşlara müraciət edərək bir daha tövsiyə edir ki, qida məhsullarını yalnız rəsmi qeydiyyatdan keçmiş və təhlükəsizlik tələblərinə cavab verən istehsal və satış məntəqələrindən alsınlar. Mənşəyi məlum olmayan, ev şəraitində hazırlanaraq satılan məhsulların istifadəsindən çəkinmək tövsiyə olunur.
