İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, məktəbəqədər təhsil sahəsində valideyn–dövlət–özəl əməkdaşlığına əsaslanan yeni maliyyələşmə modelinin tətbiqi Qaydası təsdiq olunub. Müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, bu model üzrə maliyyələşmə müsabiqə yolu ilə həyata keçiriləcək. Müsabiqə hər il Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq və keçirilmə müddəti nazirlik tərəfindən müəyyən ediləcək.
Qaydalara görə, “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq fəaliyyət göstərən özəl məktəbəqədər təhsil müəssisələri müsabiqədə iştirak edə biləcəklər. Dövlət dəstəyinin məbləği layihədə iştirak edən uşaqların sayı, müəyyən olunmuş limitlər və icra müddətinə uyğun hesablanacaq.
Hər bir təhsilalana görə dövlət dəstəyinin aylıq məbləği təhsil haqqının 70 faizinədək olacaq. Bu məbləğ Bakı şəhərində maksimum 350 manat, regionlarda isə 250 manatdan artıq olmayacaq. Layihələrin icra müddəti isə 10 aydan çox nəzərdə tutulmur.
Maliyyələşmə dövlət büdcəsində Elm və Təhsil Nazirliyi üçün ayrılmış vəsait hesabına həyata keçiriləcək. Müsabiqənin təşkili üçün nazirlik tərəfindən ən azı 5 nəfərdən ibarət İşçi qrup yaradılacaq.
Valideynlər də bu modeldə tərəfdaş kimi iştirak edəcəklər. Müsabiqədə qalib olan müəssisələr uşaqların qəbulu prosesini mövcud qaydalara uyğun təşkil edəcək və valideynlər razılaşdıqları halda EHİS sistemi vasitəsilə elektron müraciət edərək qeydiyyatdan keçə biləcəklər.
