Cinayət hadisələri barədə məlumat verilməsi və onların araşdırılması ilə bağlı qanunvericilikdə mühüm dəyişiklik edilib.
İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, Milli Məclisin bugünkü plenar iclasında Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda müzakirə olunaraq qəbul edilib.
Qəbul edilən dəyişikliklərə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması üçün nəzərdə tutulan müddət artırılıb. Bundan sonra məlumat təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora daxil olduqdan sonra sadələşdirilmiş icraat 10 gün deyil, 30 gün müddətində aparılacaq.
Yeni qaydalara uyğun olaraq Məcəllənin bir sıra maddələrində “şikayət” ifadəsi “məlumat” sözü ilə əvəz olunur. Bu dəyişiklik cinayət hadisəsi barədə səlahiyyətli orqanların məlumatlandırılması imkanlarını genişləndirmək və prosesi daha çevik etmək məqsədi daşıyır.
Dəyişikliklər hüquqi şəxslərin də cinayət hadisələri barədə məlumat verməsi imkanlarını genişləndirir. Eyni zamanda sadələşdirilmiş icraatın başlanılması, materiallara baxılması, qərarların qəbul edilməsi və prokuror nəzarəti ilə bağlı prosessual müddətlər də yenilənib.
Qanun layihəsinin əsas məqsədi sadələşdirilmiş icraat çərçivəsində cinayət işlərinin daha dolğun araşdırılmasını, sübutların tam şəkildə toplanmasını və hüquqi prosedurların təkmilləşdirilməsini təmin etməkdir.
Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisdə üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
